Övrə nədir və onun haqqında nələri bilmək lazımdır?

Uşağın bədənində çəhrayı və qabarıq ləkələr… Beyində yüzlərlə fikir var – bunun səbəbi nə ola bilər? Çox zaman dəridə çəhrayı ləkələrin yaranmasının səbəbi övrədir. Övrə – dəri səviyyəsindən qabaran, qaşınan, çəhrayı rəngli səpkilərdir. Övrə bədənin istənilən nahiyəsində yarana, çox sayda xırda ləkələr və ya öz aralarında birləşmiş, dəri səthindən qabaran səpkilər əmələ gətirə bilər. Səpki […]

Uşağın bədənində çəhrayı və qabarıq ləkələr… Beyində yüzlərlə fikir var – bunun səbəbi nə ola bilər? Çox zaman dəridə çəhrayı ləkələrin yaranmasının səbəbi övrədir.

Övrə – dəri səviyyəsindən qabaran, qaşınan, çəhrayı rəngli səpkilərdir. Övrə bədənin istənilən nahiyəsində yarana, çox sayda xırda ləkələr və ya öz aralarında birləşmiş, dəri səthindən qabaran səpkilər əmələ gətirə bilər. Səpki bir neçə saat və ya hətta bir neçə həftə ərzində davam edə bilər, həm də bu zaman yeni səpkilər tədricən itib gedən səpkiləri daima əvəz edir. Buna görə də, övrə kəskin və xroniki olmaqla iki növə bölünür. Kəskin övrə altı həftədən çox çəkmir, xroniki övrə isə altı həftədən çox davam edir.

Bilmək lazımdır ki, övrə təkcə allergik reaksiya səbəbindən deyil, həm də güclü soyuq və ya isti, dərman qəbulu, stress, infeksiya və ya xroniki xəstəlik səbəbindən yarana bilər. Bəzi hallarda övrəni angionevrotik ödem – gözlərin və dodaqların ətrafında ödem, habelə ovucların, pəncələrin, tənəffüs yollarının ödemi müşayiət edir. Bir çox hallarda övrənin yaranma səbəbləri naməlum olaraq qalır, lakin çox zaman övrə qida məhsullarına, dərmanlara, ev heyvanlarına, tozcuğa, həşəratların sancmasına qarşı allergik reaksiya ilə əlaqəli olur. Uşaqda övrənin yaranmasına səbəb ola bilən digər səbəblər cədvəldə göstərilmişdir.

Dərmanlar və kimyəvi maddələr Salisilatlar və QSİƏP*, penisillin, vitaminlər, qida əlavələri

Qida məhsulları Qoz-fındıq, giləmeyvələr, balıq, dəniz məhsulları, banan, üzüm, pomidor, yumurta, pendir və s.

Təmas edilən maddələr Yun, ipək

Kosmetik vasitələr Boya, saç lakı, dırnaq lakı, ağız yaxalayıcı vasitələr, diş məcunu, ətirlər, əl kremi, sabun

Fiziki amillər işıq, atmosfer təzyiqi, isti, soyuq, su, vibrasiya

İnhalyasiya allergenləri Heyvanlar, tozcuqlar

İnfeksiyalar Stomatoloji infeksiyalar, sinusit (burunun əlavə boşluqlarının iltihabı), otit (qulağın iltihabı)

Göbələklər və digər parazitlər Candida növündən olan maya göbələyi, qoturluq, helmintlər.

Valideynlər uşaqda övrənin olduğunu necə başa düşə bilərlər? Bu səpkilər kifayət qədər səciyyəvi görünüşə malikdirlər, buna görə də onları tanımaq asandır. Səpki çəhrayı rəngdədir, dəri üzərindən qabarmışdır, mərkəzi hissəsi daha solğun rəngdədir, qruplaşa, formasını və yerini sürətlə dəyişə bilər. Səpkilərin ölçüsünə gəldikdə isə, onların diametri bir neçə millimetrdən ovuc böyüklüyünə qədər ola bilər. Uşaq səpkilərin olduğu yerdə qaşınmadan, iynə batması və ya yanma hissindən şikayət edəcəkdir.

Angionevrotik ödemi dərinin dərin qatlarının və dərialtı toxumanın sürətlə inkişaf edən ödemindən tanımaq mümkündür, ödem çox zaman ağrılı olur, lakin qaşınmır. Çox zaman ödem gözlərin və dodaqların ətrafında, eləcə də pəncələrdə və ovuclarda yaranır. Daha ağır hallarda ödem tənəffüs yollarına təsir edə bilər, bu vəziyyət həyat üçün təhlükəlidir.

Diaqnostika məqsədi ilə ailə həkiminə, allerqoloqa və ya pediatra müraciət etmək lazımdır, onlar çox güman ki, artıq səpkilərin xarici görünüşünə əsasən övrənin olmasını təsdiq edə bilərlər. Övrənin yaranma səbəbini tapmaq üçün həkim keçirilmiş xəstəliklər, mümkün allergenlər, gündəlik stress mənbələri barədə suallar verəcəkdir. Əgər uşaqda xroniki övrə vardırsa, çox vaxt gündəlik aparmaq lazım gəlir, gündəlikdə hər gün uşağın bütün hərəkətləri və məşğuliyyətləri qeyd edilir, qida məhsulları, səpkilərin xarakteri sadalanır. Uşaq diaqnostik müayinələrə, məsələn, qan analizlərinə, spesifik allergiya sınaqlarına və lazım gələrsə, hər hansı digər xəstəliyi istisna etmək üçün əlavə müayinələrə göndəriləcək.

Övrənin simptomları çox zaman öz-özünə keçib gedir, lakin həkim uşağın sağlamlıq vəziyyətinin yaxşılaşdırılması üçün histamin əleyhinə preparatlar tövsiyə edə bilər. Onların təsir prinsipi elə adlarından məlum olur – orqanizmdə histaminin təsiri pozulur, bunun sayəsində simptomların – burun tutulmasının, qaşınmanın, səpkilərin, gözlərin yaşarmasının intensivliyi azalır. Xroniki övrə zamanı histamin əleyhinə preparatları uzun müddət ərzində istifadə etmək olar.

Qeyd etmək lazımdır ki, allergiya ilə mübarizə aparmağa təkcə dərmanlar kömək etmir.

● Əgər bunu etməmək üçün tutarlı səbəb yoxdursa, uşağı ən azı ilk 6 ay ərzində ana südü ilə qidalandırmaq lazımdır. Göstərilmişdir ki, ana südü ilə qidalandırılan uşaqlar arasında allergiya daha az yayılmışdır, habelə artıq mövcud olan simptomları azaltmaq imkanı vardır. Lakin əgər ana südü ilə qidalandırma mümkün deyildirsə və ya əks-göstərişdirsə, uşağa verilən süni qidaları diqqətlə seçmək lazımdır. Lazım gələrsə, həkimə müraciət etmək daha yaxşıdır.

● İmkan olduğu halda, uşağı 6 aylığına qədər ana südü ilə qidalandırmaq və ya 4 aylığından başlayaraq onun qidasına yüngül qlütensiz sıyıq əlavə etmək olar. Müxtəlif məhsullarla qidalanmaya çox erkən başlanma allergiyaya səbəb ola bilər. Əlavə qidaya başlayarkən, unutmayın ki, allergik reaksiyanın olub-olmadığını görmək üçün, yeni məhsullar bir neçə gün aralıqla və kiçik porsiyalarla verilir. İnək südü, yumurta, sitrus meyvələri, yerfındığı yağı – həyatın ilk 6-12 ayında imtina edilməli olan məhsullardır.

● Toz gənələrinin miqdarını azaltmaq üçün evdə mütəmadi olaraq təmizlik işləri aparılmalıdır, təsdiqlənmiş allergiya mövcud olduqda evdə heyvan saxlamaq olmaz və kifin olmaması üçün otağın havası tez-tez dəyişdirilməlidir. Gündəlik həyatda istifadə etdiyiniz kimyəvi maddələrin miqdarı azaldılmalıdır, habelə allerqoloq və ya ailə həkimi tərəfindən daha az qıcıqlandırıcı kimi tövsiyə olunan xüsusi vasitələr seçilməlidir.

● Pambıq parçadan hazırlanmış geyimdən istifadə etmək, sintetik məhsullardan çəkinmək tövsiyə edilir.

● Xüsusən, uşaqla eyni otaqda olduqda və ya küçədə yanaşı getdikdə, siqaretdən imtina etmək lazımdır. * QSİƏP – qeyri-steroid iltihab əleyhinə preparatlar.